Card image cap
Qobustan dövlət tarixi-bədii qoruğu

Yerli əhalinin hər zaman Qobustanı xüsusi yer hesab etməsinə və petroqliflərdən xəbərdar olmasına baxmayaraq, həmin qayaüstü rəsmlərə əsl dəyəri verən ilk alim İ. M. Cəfərzadə olmuşdur. 1939-cu ilin yazında o, ilk dəfə olaraq müxtəlif insan və heyvanları təsvir edən petroqliflərin yerini qeydə almışdır. 1940-1941-ci illərdə Qobustana göndərilən ilk ekpedisiyalar A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən təşkil edilmişdi. 1947-ci ildə, müharibədən sonra alimlər yenə Qobustana qayıtdılar. Ekspedisiyaya İ. M. Cəfərzadə rəhbərlik edirdi. 1965-ci ildən başlayaraq, Qobustana yeni elmi ekspedisiya göndərildi və ərazidə təxminən 20-yə yaxın qədim sığınacaq, 40 kurqan və dəfn yeri aşkar edildi. 1960-ci illərdə və daha sonra təşkil edilən ekspedisiyalara görkəmli alim və arxeoloqlar ailəsi olan C. Rüstəmov və F. Muradova rəhbərlik edirdilər. Qobustandakı ilk muzey binası 1970-ci illərin əvvəlində tikilib.

Elmi araşdırma üçün sadəcə petroqlifləri tapmaq kifayət deyil. Qədim dövr rəsmlərinin fotoşəkilləri və cizgilərinin surətləri çıxarılıb sənədləşdirilməlidir. Qobustan qayalarının səthi hamar olmadığından, çox vaxt oymaların konturlarını seçmək çətin olur. Petroqliflərin surətlərinin çıxarılmasının müxtəlif üsulları var.

Petroqlifləri təhlil etmək çətindir. Yalnız şəkillərə əsaslanaraq mülahizə yürütmək kifayət etmir. Buna görə də arxeoloqlar petroqliflərin yerləşdiyi əraziləri mümkün olduğu qədər çox öyrənməyə çalışırlar. Mağaralarda, qədim məzarlıqlar yaxınlığında və yaşayış məskənlərində aparılan qazıntılar Qobustanda insanların mövcudiyyət xronologiyası və şəraiti haqqında çoxsaylı ipucları təmin edir. Qobustanda müntəzəm arxeoloji qazıntılar 1960-cı illərdən aparılmağa başlanıb.

Kurqanlar qədim məzarlardır. Tunc dövründə yaradılan bu kurqanlarda güman ki, yerli tayfaların əyanlarını dəfn edirdilər.